tam_orta

Tam orta təhsil pilləsi (X – XI sinif) üzrə şagirdlər İSTƏK liseyinin Bakı (Gənclik, Nərimanov və Xalqlar Dostluğu), Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində yerləşən kampuslarında təhsil alırlar. İSTƏK liseyinin tam orta təhsil səviyyəsi üzrə tədris proqramı aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:

Tam orta təhsil pilləsi üzrə tədris proqramı dövlət təhsil standartları əsasında milli kurikulumun tətbiqi ilə həyata keçirilir. Siniflərin tərkibi hər birində 20 nəfər olmaqla əsasən oğlan şagirdlərdən (Gənclik “İstək” liseyində qız şagirdlər də təhsil alır) ibarətdir.  Təşkil olunan fənn həftələri, bilik yarışları və sərgilər vasitəsi ilə şagirdlər tədris olunan fənləri daha böyük maraqla araşdırır və bununla da onların fənlərə rəğbət yaranır.

Dərs saatları: 08:30 – 15:50

Bölmə: Azərbaycan, rus və ingilis

Dərs saatları: 08:30 – 15:50

Bölmə: Azərbaycan, rus və ingilis

İSTƏK liseyinin tədris sistemi şagirdlərin hərtərəfli inkişafı ilə yanaşı onların yerli və xarici ali məktəblərə qəbul olunması üçün zəruri olan bilik və bacarıqlara yiyələnməsini təmin edir. Liseydə təmayülləşmə əsasında keçilən dərslər və şagirdlərə fərdi yanaşma onların seçdiyi ali təhsil müəssisəsinə qəbul olunmasına planlı şəkildə dəstək olur. 2015-2016-cı tədris ilinin nəticələrinə əsasən liseyin 284 məzunundan 99%-i tələbə adını qazanmışdır. Onlardan 70%-i yerli, 30% isə dünyanın ən reytinqli ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bu universitetlər sırasından  “King’s College of London”, “University of Toronto”, “University of Waterloo”, “The University of Manchester”, “International University in Geneva”, “Nanyang Technological University” kimi dünya şöhrətli ali təhsil müəssisələrini qeyd etmək olar.

Liseyin xarici ali məktəblərə qəbul olmaq istəyən X – XI sinif şagirdləri liseyin beynəlxalq proqramlarından faydalanırlar. Liseyin SAT imtahanı mərkəzi, IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP)  rəsmi statusa malik olması, eləcə də liseydə AP (Advanced Placement) və YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) proqramlarının mövcudluğu şagirdlərin yüksək nəticələrlə xarici ali təhsil müəssisələrinə qəbul olmasını təmin edir.

İSTƏK liseyi şagirdlərin olimpiadalarda iştirakını təmin etməklə onların mənimsəmə qabiliyyəti və dərsə marağını artırır. Liseyin şagirdləri keçirilən bütün Respublika fənn olimpiadalarında iştirak edir, ölkəmizi ABŞ, Rusiya, Türkiyə, İngiltərə, Fransa, Sinqapur və s. ölkələrdə keçirilən dünya miqyaslı beynəlxalq fənn və layihə olimpiadalarında təmsil edirlər. Bu günə qədər şagirdlərimiz respublika fənn olimpiadalarında 84, beynəlxalq olimpiadalarda 79 medal qazanıblar. Bununla yanaşı şagirdlərimiz bir sıra müxtəlif yerli və beynəlxalq idman yarışlarında da iştirak edirlər. İSTƏK liseyi tərəfindən ənənəvi olaraq təşkil olunan idman oyunları hər il keçirilərək şagirdlərin fiziki inkişafına dəstək olur.

Liseyin xüsusi sosial fəallıq konsepsiyası çərçivəsində şagirdlər müxtəlif sosial proqramlar vasitəsi ilə öz yaradıcılıq potensialını inkişaf etdirə bilir, ictimai həyatda iştirak vərdişlərini mənimsəyir və bununla da müxtəlif vəziyyətlərdə adekvat davranış xüsusiyyətlərinə yiyələnirlər. Liseydə keçirilən əlamətdar günlər, sinif gecələri, teatr tamaşaları, ölkənin yeni infrastruktur obyektləri, tarixi abidələri və qabaqcıl şirkətlərinə təşkil olunmuş məlumat turları və bu kimi digər çoxsaylı tədbirlər şagirdlərin dünya görüşünü artırır və onların hərtərəfli inkişafına şərait yaradır.

İSTƏK liseyi şagirdin uğurlarında valideynin rolunun artırılmasına böyük əhəmiyyət verir. Valideynlər üçün təşkil olunan təlim proqramları, ailə ziyarətləri və başqa tədbirlər ailə-məktəb əməkdaşlığının inkişaf etdirilməsi, şagirdin həyatında valideynin iştirakının daha da genişləndirilməsinə kömək edir, bununla da şagirdin mənimsəmə qabiliyyətini artırır.

İSTƏK liseyi tədris prosesini müasir avadanlıq və texnologiyalar vasitəsi ilə dəstəkləyir. Tədris prosesində liseyin bütün kampuslarında tətbiq olunan elektron lövhələrlə, müəllimlərimiz daha interaktiv metodlarla dərs keçmək imkanı qazanır. Maraqlı keçən dərs şəraitində şagirdlər daha yaxşı öyrənirlər. Liseyimizin tətbiq etdiyi texnoloji dəstəyin bir istiqaməti olan Elektron Məktəb Sistemi valideynlərə kompyuter, tablet və mobil telefonlar vasitəsi ilə övladının təhsil prosesini izləmək imkanı verir.

İSTƏK liseyinin bütün şəhərlərdə yerləşən kampuslarında yataqxana şəraiti mövcuddur. Bu liseylərimizin yerləşdiyi Bakı, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərinin ətraf ərazilərində yaşayan şagirdlərin rahatlıqla qalaraq əlavə dərs proqramlarında iştirak etmələrinə imkan yaradır. İşıqlı, səliqəli və geniş yataqxana otaqları, şagirdlərimizin dərs oxumaq üçün arzuladığı rahatlığı təmin edir.

İSTƏK liseylərində yataqxana şəraiti, yeməkxanalar, tibb və psixoloji dəstək xidməti mövcuddur. Liseyin yeməkxanalarının “Halal” standartına uyğun yerli və xarici aşbazlar tərəfindən hazırlanmış ləziz xörəkləri gündə 2-3 dəfə şagirdləri yeni enerji ilə təmin edir. Liseyimizdə mütəmadi olaraq şagirdlərin tibbi yoxlanışı həyata keçirilir ki, bu da onların daim gümrah formada olmasını və yarana biləcək xəstəliklərin qarşısının öncədən alınmasını təmin edir.

TƏHSİL SƏVİYYƏLƏRİ
  • İbtidai təhsil
  • Ümumi orta təhsil
  • Tam orta təhsil
NAİLİYYƏTLƏR
Ali məktəblərə qəbul nəticəsi - 99%
Xarici universitetlərə qəbul olanlar - 68%
Respublika olimpiadaları - 84 medal
Beynəlxalq olimpiadalar - 79 medal
BİZƏ YAZ

Mesaj göndərclear